Almaniya çempionatının 21-ci turunda liderliyə iddialı “Ayntraxt” “Kommertsbank” Arenada “Köln” ilə üz-üzə gəlib.

Görüşün ilk hissəsində qapılar toxunulmaz qalıb. Fasilədən sonra təşəbbüsə yiyələnən Frankfurt klubu 57-ci dəqiqədə hesabı açıb. Andre Silva topu qapıya göndərib. Aşkar üstünlüyü ilə seçilən meydan sahibləri çox keçmədən fərqi ikiyə yüksəldiblər. 79-cu dəqiqədə Obit Evan N-Dika künc zərbəsindən sonra topu başla qapıdan keçirib. Fransalı müdafiəçi ardıcıl ikinci oyununda fərqlənməyi bacarıb: “Ayntraxt” – “Könl” 2:0. Bu qələbə sayəsinda xallarının sayını 39-a çatdıran “Ayntraxt” 1 pillə irəliləyərək 2-ci yerdə qərarlaşıb. “Köln” isə 21 xalla 14-cü pillədədir.

Turun digər qarşılaşmasında isə “Volfsburq” Mönhenqladbax “Borussiya”sı il üz-üzə gəlib. Görüşdə hər iki tərəfin qarşılıqlı hücumları nəticəsiz olub. Gərginliyi ilə yadda qalan matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Xal itkisi ilə üzləşən “Volfsburq” 39 xalla “Ayntraxt”la 3-cü, 4-cü yerləri bölüşür. 33 xal toplayan “Borussiya” Mönhenqladbax isə 7-ci pillədədir. Çempionata 48 xalla “Bavariya” başçılıq edir və ən yaxın izləyicisi “Leyptsiq”i 4 xal qabaqlayır.